Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ekspertlərdən MEMİ həyəcanı - Təhlükə
Tarix: 03-05-2016 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ekspertlərdən MEMİ həyəcanı - Təhlükə
Bakının demək olar ki, bütün rayonlarında MEMİ brendi altında ikinci əl paltarların satıldığı mağazalar fəaliyyət göstərir. Bu cür mağazalara tələbat da kifayət qədərdir. Lakin təklif olunan geyilmiş paltarların nə dərəcədə təmiz və gigiyenik olması insanları düşündürən əsas məqamlardan biridir. Xarici ölkələrdən, əsasən də Avropadan gətirilən bu paltarlar yuyulub təmizlənmədən, heç bir dezinfeksiya tədbiri görülmədən mağazalara təqdim olunur. Alıcılar isə alış-veriş zamanı bu paltarlara əllə toxunur, geyinib üzərlərində yoxlayırlar. Ekspertlərin fikrincə, bu zaman insanlar hətta Azərbaycan üçün tanış olmayan infeksiyalara yoluxa bilərlər.

Məsələ ilə bağlı Musavat.com-un müxbiri paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki MEMİ mağazasına baş çəkib. Mağazada onlarla alıcı müxtəlif paltarları geyinib seçim etməyə çalışırlar. Bu paltarların ikinci əl olması, eləcə də gigiyenik olmaması ehtimalı heç kimi narahat etmir. Mallar isə üst-üstə səliqəsiz şəkildə piştaxtaya düzülüb.

Alıcılar arasında qadınlar daha çox gözə dəyir. Təəssüf doğuran məqam odur ki, onların yanında balacalar da var. Yəni, analar ucuz olsun deyə azyaşlı uşaqlarına da Avropadan gətirilmiş geyilmiş paltarlardan alırlar. MEMİ-lərə müraciət edənlərin heç də hamısı kasıblar deyil. Bu paltarların həqiqətən Avropanda gətirildiyinə inanıb, burada brend mal axtaran normal imkanlı insanlar da var. Heç paltarlar da düşündüyümüz kimi, kasıbın cibinə görə deyildi. Demək olar ki, gözə dəyən normal geyimlərin qiyməti 20 manatdan başlayırdı.

Alıcılarla söhbətləşib, 20 manata niyə təzə paltar yox, bu geyilmiş paltarları almaq istədiklərini soruşduq. Bildirdilər ki, bu geyimlərin əksəriyyəti Avropanın brend mağazalarının məhsuludur. Geyilsə belə, bizim təzə paltarlardan daha yaxşıdırlar.

Satıcı da paltarların Avropadan gətirildiyini təsdiqlədi. Təmizliyinə gəlincə, bildirdi ki, bu paltarlar Azərbaycana göndərilməzdən öncə, xaricdə kimyəvi təmizləmədən keçir. Yalnız bundan sonra buraya göndərilir.

Paltarlar arasında körpə uşaqlar üçün də geyim əşyalarına, hətta oyuncaqlara rast gəldik. Satıcı bunların da keyfiyyətli olduğunu vurğuladı. Lakin mağazaya çökmüş köhnə paltar qoxusundan bu malların nə dərəcədə “təmiz” olduğunu hiss etmək çətin deyil. Mağazanın bir küncündə isə ikinci əl ayaqqabı və çantalar var. Yetərincə, zövqlü olmasalar da, bu malların keyfiyyətli olması sezilir.

Tibb elmləri doktoru Adil Qeybulla qeyd etdi ki, bu paltarlar lazımi qaydada təmizlənməzsə, müxtəlif infeksion xəstəliklərə səbəb ola bilər:

“Təəssüf ki, bu paltarların mənbəyi bəzən bəlli olmur. Bəzi ölkələrdə geyilmiş paltarları təhvil vermək üçün xüsusi yerlər var. Oradan müəyyən firmalar vasitəsilə həmin paltarlar üçüncü dərəcəli ölkələrə satılır. O paltarlar müəyyən kimyəvi işləmədən keçdikdən sonra satışa buraxıla bilər. Ancaq biz onların nə dərəcədə təmiz olduğunu, daha əvvəl sağlam yoxsa, xəstə insanın əynində olduğunu bilmirik. Əlbəttə bu cür paltarlar müəyyən bakterioloji və digər yoxlamalardan keçsə daha yaxşı olardı. İndi geyilmiş paltarların satışı hər yerdə var. Söhbət təkcə geyim əşyalarından yox, müəyyən bəzək əşyaları, aksessuarlardan da gedir. Bu əşyaların hamısının sanitar-epidemioloji yoxlamalardan keçməsinə ehtiyac var. Bunun üçün müvafiq qurumlar məsuliyyət daşıyırlar. Bu paltarlarda virus infeksiyaları, radiasiya ola bilər, müxtəlif zərərli, toksiki təsiri ola bilər. Çünki, biz bu paltarların mənşəyini bilmirik. Bunlar brend mallar deyil. Söhbət təkcə infeksiyalardan yox, hərtərəfli yoxlamalardan gedir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə ikinci əl paltarların Azərbaycanda maya dəyərindən 15-20 dəfə baha satıldığını vurğulayıb:

“İkinci əl mallar təkcə geyim əşyalarına aid deyil. Evlər, avtomobillər, müxtəlif texniki vasitələr, o cümlədən də paltarlar ola bilər. Hər ölkədə ikinci əl paltarlar satılmır. Əsasən buna tələbat olan üçüncü dərəcəli ölkələrdə olur. Hamıya məlumdur ki, Mərkəzi Asiya ölkələrində, o cümlədən Kanadada, insanlar ayda bir dəfə özlərinə lazım olmayan malları çıxarıb yolun kənarına qoyurlar. Kim istəsə onları götürə bilər. O ölkələrdə xüsusi bir xidmət də var ki, gəlib həmin paltarları yığıb aparır. Bizim kimi ölkələrin biznes qurumları da gedib kontraktlar bağlayır və oradan atılası paltarları gətirib burada satırlar. Paltarlar Azərbaycana kiloqramla gətirilir. Bizdə olan məlumata görə, gətirilən qiymətdən də 15-20 dəfə baha satılır. Onların özlərinin təmizlik sertifikatlarında 5 yaşından kiçik uşaqlar üçün paltarların olmaması göstərilir. Lakin Azərbaycandakı sertifikatda bu maddə yoxdur və həmin dükanlarda 5 yaşından kiçik uşaqlar üçün də paltarlar var. Təbii ki, tələbat olan yerdə təklif meydana çıxır. Ancaq bu paltarlar insanı ciddi dəri xəstəliklərinə, Azərbaycan üçün yad olan xəstəliklərə yoluxdura bilər. Vətəndaşlar gərək bu paltarları əvvəlcə yuyub, qaynadıb, sonra istehlak etsinlər. Əgər əllərini toxundurublarsa, əllərini yusunlar”.


Ekspertlərdən MEMİ həyəcanı - Təhlükə
Ekspertlərdən MEMİ həyəcanı - Təhlükə
Ekspertlərdən MEMİ həyəcanı - Təhlükə


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___