Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanı xilas edəcək gözəlliyə sahib deyiləm”
Tarix: 30-04-2016 | Saat: 17:51
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Dünyanı xilas edəcək gözəlliyə sahib deyiləm”

Nuranə Nur imzası artıq oxucu qapısını döyməkdədir. Ədəbi mühitdə gənc olmasına baxmayaraq, özünü təsdiq edən şairə ilə Axar.az-ın layihəsində görüşdük. Xanım şairənin özünə güvəni təkcə şeirlərində yox, elə müsahibə zamanı ifadələrində də görünürdü.

- Nuranə Nur imzası Azərbaycan oxucusuna nə deyir?

-Bu, oxucularıma veriləcək sualdır. - Cavabı təbəssümqarışıq olur. - Madam ki, özüm cavab verməliyəm, onda gərək özümü bir də oxuyum. Müasir oxucunu maraqlandırmaq asan iş deyil. Fərqli, estetik yanaşma tərzləri var və onu kütlə qəbul eləmir. Çalışıram, hazır qəliblərdən istifadə etməyim. Hətta özümü belə təkrar etmək fobiyam var. İstedadım gücündə detallara əl atıram, emosional ruh vəziyyətimə uyğun yazıram. Bəzən konkret bir uğurlu misra, bir ifadə ilə də yadda qalmaq olur. “Belə uğurlarım çox olub”, - deyə bilərəm. İndiki düşüncəm budur ki, bütöv obrazlar yaratmaq lazımdır. Şeirin ayrı-ayrı tapıntılarla yadda qalması, onun ömrünün uzaqbaşı şairin öz ömrü qədər olmasıdır. Şeirin şairdən çox yaşaması isə böyük xoşbəxtlikdir.

Məndən zəiflər at oynadırlar

- Heç fikirləşmisən ki, ədəbi mühitdə tez göründün? Yəni qısa bir müddətdə imzanın qarşısında yaşıl işıq yandı.

- Yox, elə düşünmürəm. Hələ düşünürəm ki, çox gecikmişəm. Yaşıl işıq birdən-birə görünmədi. O işığa qədər mən sarı işıqda çox gözləmişdim. Məktəb yaşlarımdan həmişə yazmışam. Gündəlik, özümə məktub, şeirlər, hekayələr... tam, natamam... Onları məxfi sənədlər kimi saxlamışam. Heç vaxt üzə çıxartmadım, heç kimə müraciət eləmədim. Sonra gördüm mətbuatda məndən qat-qat zəiflər at oynadırlar. Yenə utanırdım, yazıram deməyə.

- Gənc olsan da, populyarsan. Bu populyarlıq, imzanın daha çox boy verməsi sənə qarşı hər hansı bir qıcıq yaratmadı ki? Həsəd və sair baxımından...

- Özümə həmişə qıcıqlar hiss eləmişəm. Çalışıram, həssas olmayım, fikir verməyim. Mən qabımda olan formanı alan adamam. Heç kimlə sərt münasibətim yoxdur. Amma elə adamlar var, mən boş verdikcə az qalırlar, gəlib üzümə desinlər ki, sən niyə varsan? Ən çox qadınlardan hiss etmişəm bu münasibəti. Mən getdiyim və ya aparıcılıq etdiyim tədbirləri başlamamışdan tərk edirlər. Sonra görürsən ki, işləri düşəndə salam verirlər, heç nə olmamış kimi təbəssümlə alıram.

Kişi yazarların qadın yazarları...

- Ədəbi mühitdə nələr səni qane etmir?

- Ədəbi mühitdə qruplaşmalar var. Saytlar, qəzetlər, jurnallar demək olar ki, əhatə dairəsindən kənara çıxmırlar. Bir qrup - özlərini ədəbiyyatın “qaymaqları” hesab edənlər öz çevrələrində dahidirlər. Gündəmdə olmaq xətrinə, kimisə inkar etməklə özünü təsdiq eləmək qəhrəmanlıqdır. İndi ədəbiyyatda özünü dahi və xoşbəxt hiss etməyin yeganə üsulu budur. İkinci məsələ, kişi yazarların qadın yazar anlayışını qəbul edə bilməmələridir. “Qadın ədəbiyyatı” kimi hadisəni inkar etmələri və ya kişi ədəbiyyatının törəməsi kimi qəbul etmələri. Onsuz da bu cəmiyyətdə qadınlara yazmaq imkanı və şəraiti yaradılmır. Heç olmasa, yazar kişilər bunu dərk etsinlər. Bir dəfə qadın yazarlara aid tədbirlərin birində yazıçı Anar gözəl bir ifadə işlətdi. Dedi ki, “Atamın və mənim yazdıqlarım, anamın yazmadıqlarıdır”. Bunu dərk eləsinlər, başqa heç nə istəmirik onlardan. Bu düşüncə qadınlara qarşı olan zorakılıq ilə eynidir.

- İlk şeir yazmağa başlayanda nə fikirləşirdin, özünü hansı şairlə çiyin-çiyinə görürdün? Kimə bənzəmək istəyirdin?

- İlk şeirimi yazanda heç bilmirdim şeir yazana şair deyirlər. Məktəbə getmirdim, hərf bilmirdim. Şeiri yazmamışdım, qoşmuşdum. Bəlkə şeir hesab olunmaz, amma ilk şeirim kimi onu xatırlayıram. Sonralar da, şeir yazanda heç bir iddiam yox idi. Şair sözü mənim üçün indiki anlayış deyildi. Çox uzaq, əlçatmaz, ünyetməz bir yerdə idi. İndi bu sözü peşə kimi qəbul eləsəm də, əsl şair ifadəsini hələ üfüqdə görürəm. Elə bilirəm, əsl şairlər Nizaminin, Füzulinin yaşıdlarıdır. İndi də sevdiyim, ustad bildiyim şairlər var. Amma heç kimə bənzəmək istəmirəm. Bu mənim təbiətimdə yoxdur. Bayaq dediyim kimi, çalışıram, heç özümü də təkrar eləməyim.

Yazmaq maraqlıdır, ana olmaq isə...

- Şeir yazmaq maraqlıdır, yoxsa ana olmaq?

- Şeir yazmaq maraqlıdır, ana olmaq gözəl. Bütün çətinlikləri, məsuliyyəti ilə gözəl hissdir. Hərdən də elə çətindir ki... çox çətindir. Çox danışa bilmirəm bu barədə. Bütün qadınlara bu hissi yaşamağı arzulayıram.

- Olubmu ki, başın şeir yazmağa qarışsın, həyat yoldaşına çay süzməyi unudasan?

- O qədər. Şeir yazmaq ərəfəsində hər şeyi unuda bilərəm. Hətta özümü də unuduram. Yoldaşım məni başa düşür, sağ olsun. Çox anlayışlıdır. İnanmıram ki, mən də onun yerinə olsaydım, belə olardım.

Xoşbəxt eləyə bilmirəm

- Qəlbinin küncündə olan qəhrəmanın şeirlərinin içində özünü necə hiss edir?

- Darıxır... çox darıxır. Azadlıq istəyir, çırpınır. Sıxıram onu, özü kimi ola bilmir. Xoşbəxt eləyə bilmirəm, rahatlıq vermirəm. Misralarımdan yıxılır, sətirlərimdə intihar edir. Amma əl çəkmirəm. Neyləyim, nə onsuz olur, nə də onunla.

- Yəqin, deyənlər çox olub ki, sən gözəl xanımsan. Necə qarşılamısan bu ifadəni?

- Adi halda normal qarşılayıram. Allahın bütün yaratdıqları gözəldir. Xanımın gözəlliyini hər məqamda qabartmaq onu pis vəziyyətə salmaqdır. Özümü rahat hiss eləyirəm, çünki bilirəm dünyanı xilas edə biləcək gözəlliyə sahib deyiləm. Sadəcə, bir az fərqlənirəm, vəssalam.

Şeirimlə gözəl ola bilərəm

- Bu sualı bir qədər başqa formatda verim: Hərbi xidmətdən yayınan adamın vətən, bayraq, şəhid haqda yazdığı şeir sənətkarlıq baxımından gözəl alına bilər, bəs bu şeirlər səmimi olarmı?

- Bu tərəddüdlü mövzudur. Gözəl olmağına, ola bilər. Vətən haqqında pafoslu şeirlər yazanların çoxu heç hərbi xidmətdə olmayıb. Belə deyək ki, şeir iki cür yazılır. Bir mütaliədən gələn şüuraltı təfəkkür, güclü təxəyyül. Və bir də güclü müşahidə. Birincidə sənətkarlıq, ikincidə səmimilik daha çox olacaq. Ona görə də o şeirin taleyi bəllidir. Situasiyalara görə dəyişir hər şey. Hərbi xidmətdən yayınmağın dərin psixoloji səbəbləri ola bilər. Bu səbəblər gözəl, hətta səmimi şeir yazdıra bilər. Amma bu şeirlər həmişə müəllifin yaxasından tutub silkələyəcək.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___