Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağlı jurnalistlər qələmlərini süngüyə çevirməyə hazırdımı? SORĞU
Tarix: 30-04-2016 | Saat: 15:54
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər


Qarabağlı jurnalistlər qələmlərini süngüyə çevirməyə hazırdımı? SORĞU
Aprel ayının əvvəlindəki dördgünlük müharibədə ordumuz öz gücünü subut etsə də, beynəlxalq təşkilatların istəyi ilə Azərbaycan növbəti dəfə atəşkəsə razılıq verdi. Bununla da ölkə rəhbərliyi hərbi əməliyyatları dayandıraraq əldə olunmuş nailiyyətlərlə diplomatik cəbhədə uğurlar qazanmaq qərarına gəldi.
Ancaq indi aydın görünür ki, Ermənistanın hakimiyyəti sülh yolu ilə işğal etdiyi torpaqları geri qaytarmaq niyyətində deyil. Sarkisyanın ilk əvvəl danışıqlardan imtina etməsi, daha sonra özünün şərtlərini irəli sürməsi aydın şəkildə göstərir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin yeganə yolu müharibədən keçir.
Qorxaq ermənilərdən fərqli olaraq Azərbaycan ordusu da, Azərbaycan xalqı da bir nəfər kimi döyüşə hazır olduğunu, müharibə əmri verildiyi an vətən uğrunda son damla qanlarını belə axıtmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bəs görəsən bu gün qarabağlılar necə, döyüş əzmindədirlərmi, qarabağlı jurnalistlərimiz qələmlərini süngüyə dəyişməyə hazırdılarmı?
Moderator.az bu suallara aydınlıq gətirmək məqsədilə qarabağlı jurnalistlər arasında sorğu keçirib.
Sorğumuzun ilk iştirakçı olan professor Qulu Məhərrəmli yaşına belə baxmayaraq döyüşə hazır olduğunu bildirib: “Bu məsələdə yaş önəmli deyil, ruhun vəziyyəti önəmlidir. Təbii ki, insane öz Vətənini, milli heysiyyətini qorumaq üçün hər şeyə hazır olmalıdır. Pafosla danışmaq mənlik deyil, amma deyirəm ki, mən də ölkənin vətəndaşı kimi hər şeyə hazıram”.
“Türküstan” qəzetinin və Türküstan.info saytının rəhbəri Aqil Camal da Milli Ordumuzun sıralarında mücadiləyə hazır olduğunu deyib: “Qarabağ, işğal olunmuş torpaqlar mövzusu bizim üçün belə deyək ki, daha doğmadır. Gündəlik fəaliyyətimizdən başqa, ictimai fəal olaraq da, bu sahədə müxtəlif təşəbbüslərimiz olub, tədbirlər, aksiyalar həyata keçirmişik. Əlbəttə, bütün bunlar atəşkəs dövrü, informasiya savaşı üçün nəzərdə tutulan işlərdir. Hazırda cəbhədə vəziyyətin gərginləşdiyi, faktiki müharibənin getdiyi indiki vaxtda hələ ki, biz yenə də öz peşə missiyamızı davam etdiririk. Və demək olar ki, fəaliyyətimizin əsas ağırlığını cəbhə xəbərləri, düşmənə qarşı informasiya savaşı təşkil edir. Dövlətin istənilən gün qəbul etdiyi qərara, əmrə uyğun olaraq Milli Ordumuzun sıralarında torpaqlarımızın azadlığı üçün tərəddüdsüz mücadiləyə hazıram. Bu, bizim üçün ikiqat borcdur”.
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı isə döyüşdə iştirak etmək üçün müraciət də edibmiş: “Mən hər zaman qələmi silahla əvəz etməyə hazıram. Keçən ilin sentyabr ayında baş verən döyüşlər zamanı özüm şəxsən Müdafiə Nazirliyinə müraciət etmişdim, amma çağırmadılar. Sonra jurnalist kimi dəvət etdilər, cəbhə bölgəsinə getdik. Üç-dörd gün bütün cəbhə bölgəsini gəzib gördüklərimzi qələmə aldıq, cəmiyyətə çatdırdıq. Bəlkə də Müdafiə nazirliyi hesab edir ki, biz mətbuatda qalmaqla orduya daha böyük dəstək vermiş olduq. Olsun, əsas odur ki, istənilən şəraitdə ordumuza dəstək verməyə hazırıq. Fərqi yoxdur ya əsgər kimi, ya da jurnalist kimi. əsas məsələ odur ki, bir faydam olsun”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədr Seymur Verdizadə isə hesab edir ki, müharibə başlayacağı təqdirdə təkcə Qarabağdan olan jurnalistlər deyil, damarlarında azərbaycanlı qanı axan bütün jurnalistlər qələmini süngüyə çevirəcək: “Bir qarabağlı kimi, mən bu prosesdə öncüllük etməyə hazıram. Elə yaşdayam ki, ölümün labüd olduğunu daha yaxşı dərk edirəm. Ölüm qaçılmazdır. Vətən uğrunda ölüm şərəfli ölümdür. Əgər qismətimdə varsa, buna görə indidən Allaha minnətdar olaram. Açıq danışmaq lazımdır, Qarabağ problemini atalarımız bizə miras qoyub. Bu ağır yükü övladlarımızın zərif çiyinlərinə yükləməyə haqqımız yoxdur. Əgər Vətən uğrunda biriləri canını fəda etməlidirsə, həmin biriləri biz olaq. Əgər mənim həyatım Qarabağı bizə qaytaracaqsa və övladlarım ömürlərinin sonuna kimi bu torpaqlarda azad, rahat yaşayacaqlarsa, mən indidən canımı Vətənə qurban deyirəm”.
Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov ilk əvvəl canlı şahidi olduğu müharibə ağdısından danışıb. Daha sonra isə qeyd edib ki, silahımız qələmimizdən daha sərrast olacaq: “Uşaqlığım müharibənin içərisində keçib. Doğulub, böyüdüyüm kənd birbaşa döyüş zonası olmasa da mühasirə şəraitində yaşamağın bütün ağırliğini dərk edirdim. 23 il öncə isə ömrümün 14 ilini yaşadığım kəndimizdən, evimizdən heç bir şey götürmədən çıxaraq, nəinki gələcəkdə, hətta bir neçə dəqiqə sonra bizi nə gözlədiyini bilmədən sadəcə yeriyirdik. Üç sutkalıq piyada yol gələrkən dəfələrlə ölümü yaxından duya, hiss edə bildik. Ötən illərdə nə itirdiyim uşaqlığımı, nə də onu mənə xatırladan şəkillər daxil heç nəyi bərpa edə bilmədim. 14 yaşımadək olan dövrümü mənə xatirladacaq, xəyallardan başqa heç nəyim yoxdur. Bu gün böyüdüyüm evin dağılmış divarlarına sadəcə ermənilərin çəkib internetə yerləşdirdiyi şəkillərdən baxıram.
Aprel ayı həm də ermənilərin bizim kəndimizdə törətdiyi faciənin ildönümüdür. 2013-cü ildə “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabını hazırlayarkən bu faciənin canlı şahidləri ilə danışarkən dərdimizin böyüklüyünü, qarşımızda duran vəzifələri daha aydın hiss etdim. Belə ki, 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Orada işğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər olub. İşğaldan sonra cəmi 16 gün gizlində qala bilən bu insanlar 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.
Bu gün jurnalist kimi həqiqətləri ictimaiyyətə açıqlamaq vəzifəsini öhdəmizə götürmüşüksə, sabah müharibə başlayarsa, torpaqlarımızın azadlığı üçün silaha sarılacağıq. O zaman silahımız qələmimizdən daha sərrast olacaq. Bu üzərimizə düşən müqəddəs bir borcdur. Mən də o qənaətdəyəm ki, torpaqlarımızın işğaldan azad edilməsi missiyasını övladlarımıza buraxmamalıyıq”.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___