Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan ordusunun bu gecəki hücumunun əsl məqsədi
Tarix: 26-04-2016 | Saat: 21:53
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənistan ordusunun bu gecəki hücumunun əsl məqsədi

Ermənistan ordusunun bu gecə qoşunların təmas xəttində ağır artilleriyadan və reaktiv atəş sistemlərindən istifadə etməsi Serj Sərkisyanın dördgünlük aprel döyüşlərinin məğlubiyyətindən sonra ölkəsində yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq istəyi ilə bağlıdır.

Gecə atəşi bir növ beynəlxalq aləmin diqqətini BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumdan atışmaya çəkmək məqsədi daşıyırdı”.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS-ə müsahibəsində bildirib ki, gecə hücumunun məhz BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu günlərində edilməsi təsadüfi deyil: “Ermənilər bizim uğurları qəbul edə bilmirlər. Bakıya 140 ölkədən nümayəndə gəlib, bir neçə ölkə dövlət rəhbərliyi səviyyəsində təmsil olunub. İki gün öncə aprelin 24-də uydurma soyqırımla bağlı İrəvanda keçirilən beynəlxalq forumda isə Sərkisyanın yanında Hollivud artisti Kluni oturmuşdu. Gecə atəşi bir növ beynəlxalq aləmin diqqətini forumdan atışmaya çəkmək məqsədi daşıyırdı”.

Qabil Hüseynlinin fikrincə, ermənilər həm də bu qəfil gecə hücumu ilə Azərbaycan əhalisi arasında sarsıntı yaratmağa çalışıblar, çünki dağıntılar geniş ərazini əhatə edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatları da bu fikri təsdiqləyir. Nazirliyin məlumatına görə, Ermənistan ordusu aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək Tərtər şəhərini və rayonun Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub. Həmçinin Ermənistan ordusunun Həsənqaya, Qazyan və Qaynaq kəndlərinin də ağır artilleriya atəşinə tutulduğu məlum olub. Sadalanan yaşayış məntəqələrində onlarla ev dağılıb.

Təbii ki, Azərbaycan ordusu Ermənistan ordusunun bir neçə atəş nöqtəsini məhv etməyə məcbur olub. Nəticədə Ermənistan ordusu iki əsgərini itirməsini etiraf edib. “Sputnik Armeniya” portalının verdiyi xəbərə görə, bunlar Ermənistan ordusunun əsgərləri Tiqran Poqosyan və Aram Aruşanyan olub. Beləliklə, Serj Sərkisyanın Ermənistan ordusunda ruh yüksəkliyini qaldırmaq istəyi puç olub.

Amma Serj Sərkisyanın danışıqlardan imtina etməsi göstərir ki, Ermənistan tərəfinin belə cəhdləri çox olacaq. Eyni fikirlər Ermənistan müdafiə naziri Seyran Ohanyan tərəfindən də səsləndirilir. Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra Ermənistan rəhbərliyi ritorikanı dəyişib, Serj Sərkisyan hətta genişmiqyaslı müharibə olmasını da istisna etməyib.

Həmçinin Rusiya mətbuatında da rəsmilər səviyyəsində Azərbaycan əleyhinə təzadlı fikirlər səsləndirilməyə başlanıb. Məsələn, Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, ATƏT-in Minsk qrupunun Rusiyanı təmsil edən keçmiş həmsədri Vladimir Kazimirov "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində aprel döyüşlərinə görə Azərbaycanı günahlandırıb. Rusiyalı diplomat həm də iddia edib ki, BMT-nin Dağlıq Qarabağ üzrə 4 qətnaməsi Azərbaycanın günahı üzündən gerçəkləşməyib.

Belə görünür ki, Ermənistana Rusiya rəhbərliyindən müəyyən ümidlər vəd edənlər var və erməni mətbuatı da Serjin komandasının Rusiyadan silahlar gözlədiyindən yazır. Müxalif yönümlü erməni saytlarının yazdığına görə, müharibə fonunda Ermənistanı ələ keçirərək həddindən artıq varlanmış "Qarabağ" klanı cəbhədə müəyyən qələbələr qazanaraq aprel məğlubiyyətindən sonra korlanmış imicini yaxşılaşdırmaq niyyətindədir.

"Ermənistan rəhbərliyi planla razı idi və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq vermişdi".

Qabil Hüseynli Ermənistan rəhbərliyində yaranmış ümidi Lavrovun İrəvan səfəri ilə izah edir: "Aprel döyüşlərinin ilk günlərində münaqişənin nizamlanması ilə bağlı Putin planı gündəmdə idi və Rusiya münaqişəni təkbaşına həll edərək Qərbi Cənubi Qafqazdan çıxarmaq istəyirdi. Ermənistan rəhbərliyi planla razı idi və Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq vermişdi. Lakin Qarabağa hansısa üçüncü ölkənin ordusunun girməsi, təbii ki, Azərbaycanı razı sala bilməzdi. Bu, Azərbaycan ordusuna öz ərazi bütövlüyünü təmin etmək məsələsində ən böyük maneə olardı. Yəqin, Rusiya planı alınmadığına görə Ermənistana yardım etməyi vəd edib ki, Azərbaycanı planına razı sala bilsin".

Politoloq Rusiyanın Ermənistana pulsuz silah verməsini beynəlxalq səviyyədə müzakirəyə çıxarmağı vacib sayır: "Niyə Moskva başqa ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni işğal etmiş bir ölkəyə pulsuz silah verir? İndiyə kimi Ermənistana pulsuz verilmiş silahların toplam qiyməti 5 milyard dolları keçir. Bu məsələni biz ATƏT səviyyəsində müzakirəyə çıxarmalıyıq".

"İndiyə kimi Ermənistana pulsuz verilmiş silahların toplam qiyməti 5 milyard dolları keçir".

Bu, bir vaxtlar beynəlxalq səviyyədə Qarabağ danışıqlarında şəxsən iştirak etmiş politoloqun fikridir və diplomatik təcrübədən qaynaqlanır. Ermənilərlə münasibətdə Rusiya amili ilə bağlı Azərbaycan xalqının öz genetik təcrübəsi var. Təcrübə göstərir ki, azərbaycanlılar nə vaxt talelərini, Nərimanov demişkən, Rusiyaya bağlayıblar, onda daima itkilərlə üzləşiblər. İlk itkini elə XIX əsrin əvvəllərində Qarabağ xanı İbrahimxəlil xan Cavanşir verdi. Yüz illərlə Qarabağı idarə etmiş gəncəli Qacar ailəsinə, konkret olaraq Cavad xan Qacara tabe olmamaq üçün Rusiyanı bölgəyə gətirən Qarabağ xanı elə rus kazakları tərəfindən qətlə yetirildi.

Oxşar faciə XX əsrin əvvəllərində də baş verdi. Azərbaycan ordusunun Qarabağda və Zəngəzurda erməni birləşmələrinə böyük qələbə çaldığı aprel ayında Bakıda ordu olmamasından istifadə edərək XI bolşevik ordusunu Bakıya gətirən Azərbaycan bolşevikləri - Əliheydər Qarayev və başqaları elə həmin Rusiya kommunistləri tərəfindən qətlə yetirildilər. Üstəlik, Azərbaycan 1923-cü ildə Zəngəzuru itirdi. Buna görə də Azərbaycan öz ərazisinin taleyini hansısa üçüncü qüvvənin, məsələn, Rusiya ordusunun ixtiyarına verə bilməz. Öz ərazimizin bütövlüyünü məhz öz ordumuz təmin etməlidir.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___