Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zidanın ukraynalı qulluqçusu: "Bir dəfə də hörmətsizlik görmədim"
Tarix: 07-02-2016 | Saat: 22:39
Bölmə:Karusel / İdman / Fotogalereya | çapa göndər

Zidanın ukraynalı qulluqçusu: "Bir dəfə də hörmətsizlik görmədim"
Dünya futbolunun canlı əfsanələri sırasında Zinəddin Zidanın öz yeri var. "Yuventus" və Madrid "Real"ının, həmçinin Fransa yığmasının sabiq futbolçusu bu yaxınlarda "kral klubu"nun baş məşqçisi postuna keçib.

İnsan kimi Zizunu ailəsindən və yaxınlarından başqa daha bir nəfər yaxından tanıyır. Söhbət 8 il Zidanın evində qulluqçu işləyən Lesya İvankivdən gedir.
Zidan hələ futbolçu olarkən, Lesya onun Madriddəki evində qulluqçu işləyib. Ukraynalı xanım fransızın evində daimi sakinə çevrilənə qədər İspaniyada bir çox işin qulpundan yapışır. Amma hara gedirsə, işindən tam olaraq, razı qalmır...

"İspaniyaya 90-cı illərin sonunda getmişdim. Avtobusla gedirdik, yolda çox qorxulu idi. Təzə çatmışdıq ki, reketliklə üzləşməyə başladıq. Axı biz ukraynalılar idik. Bir neçə dəfə bizim qızların başına pis olaylar gətirilmişdi. Xoşbəxtlikdən, mənə həmin yerlərdən qaçmaq müəssər olub. Ukraynadan gələnləri işlədirdilər, maaşlarını isə əllərindən alırdılar" - Lesya Pireney yarımadasına ilk gedişini, orda üzləşdiyi xoşagəlməz hadisələri məhz belə xatırlayır.

Ancaq ən çətin məqamlarda belə, ümidini üzmür: "Bu çətinliklərə çox adam tab gətirə bilməzdi. Aramızda bəziləri parklarda gecələməli olurdu. Əvvəllər mənə də çətin gəlirdi. Ancaq özümü pis düşünməməyə kökləmişdim. Hər şey, doğrudan da, belə oldu. İspanlar zəhmətkeş və məsuliyyətli ukraynalılara hörmət edirdilər. Çalışırdılar ki, işə məhz bu cür ukraynalıları götürsünlər".

Zidanla tanışlığa qədər Lesya bir çox yerlərdə çalışır. Dayəlikdən tutmuş aşpazların böyüyünə qədər...
"Əvvəlcə bir evdə dayə işləməyə başladım, balaca uşağa baxırdım. Amma orda mənə az maaş verirdilər. Sonra Barselona şəhəri yaxınlığındakı restoranda özümə iş tapdım. Orda bir qədər çalışdıqdan sonra restoranın sahibi məni aşpazların böyüyü təyin etdi. Düzü, ispan restoranlarında şərtlər əladı. Bizə ancaq təzə ərzaqlar gətirirdilər. Ərzaqlarla bağlı kiçik şübhə yarandısa, onları zibil qabına atırdılar. Restoran axşam bağlananda biz onu tər-təmiz etdikdən sonra mətbəxdən çıxırdıq".

İki ildən sonra ukraynalı işini dəyişmək qərarına gəlir. Ona bir neçə iş təklif edilir. Sonda ev qulluqçusu olmaq qərarına gəlir və Madridin ən prestijli küçələrindən birində yerləşən evdə çalışmağa başlayır. Həmin evin Ukrayna səfirliyinə yaxın olması Lesyanın qərarında mühüm rol oynayır. Kimin evində işlədiyini isə 1 həftədən sonra bilir...

Zidan ailəsində Lesya ilə ilk ünsiyyəti sabiq futbolçunun xanımı Veronik qurur. İvankivin qarşısında 2 tələb qoyulur: dili bilmək və yaxşı yeməklər hazırlamaq. Həmin vaxt Lesya artıq ispan dilində rahat danışmağı bacarırdı. Ancaq Zidanın evində fransız dilində danışıldığından, Lesya həmin dili də öyrənmək məcburiyyətində qalır. Bir də Zidanın sevdiyi pizza da daxil olmaqla, xüsusi yeməkləri hazırlamaq lazım gələcəkdi.

Lesya Zizunun evində istifadə olunan menyunu unutmayıb: "Zidanın evində qısa zamanda yerli təamlara uyğunlaşdım. O, daha sağlam qidalanırdı. Zidanın və ailəsinin yemək zövqü mənə kömək edirdi. Səhər təzə portağal şirəsi içirdilər. Daha sonra yağ, bal və mürəbbədən ibarət səhər yeməyi yeyirdilər. Naharda daha çox balıqdan hazırlanan yeməklər olurdu. Şam yeməyində isə müxtəlif tərəvəzlərdən hazırlanmış salatlar hazırlayırdım. Onlar salatı Ukraynada olduğu kimi, ağır yeməklərlə qarışdırmırdılar. Evin mətbəxində çox gözəl avadanlıqlar var idi. Məsələn, pizzanı hazırlamaq üçün xüsusi sobadan istifadə olunurdu. Zidan italyan tortlarını çox sevirdi".

Lesyanın aylıq maaşı 2 min avroya bərabər olur. Zidanın evində onun işi təkcə yemək bişirmək yox, həmçinin evi səliqəyə salmaq və uşaqlara baxmaqda Veronikə kömək etmək olur.

Zidanın ailəsinə qısa zamanda doğmalaşan Lesya əfsanəvi futbolçunun övladları tərəfindən də sevilir. Hətta onlara Ukrayna dilini də öyrədir: "Zidanın ailəsi xüsusi dayə tutmamışdı. Uşaqları özləri böyüdürdülər. Elə olurdu ki, qohumları da bu işdə onlara yardımçı olurdular. Əfsuslar olsun ki, işimlə əlaqədar, mən öz qızımın yanında ola bilmirdim. Ana sevgisini daha çox Zidanın övladlarına hiss etdirirdim. Onun kiçik oğlu Eylasla hətta Ukrayna şeirlərini birlikdə öyrənirdik. Böyük oğulları - Enzo, Luka və Teo da Ukrayna dilində bir neçə söz deyə bilirdi".

Ailənin Zidan üçün müqəddəs olduğunu qısa zamanda anlayır Lesya...
"Zidan çox mədəni və mehriban insandı. Möhtəşəm oğul, əla həyat yoldaşı və gözəl atadı. Onun kimi atanı axtarıb tapmaq çətindi. Təbii ki, işinə daha çox vaxt ayırırdı. Ancaq bütün boş vaxtını ailəsinə sərf edirdi. Ayda 1 dəfə mütləq Marseldə yaşayan valideyn və yaxınlarına baş çəkirdi. Ailə onun üçün müqəddəsdi".

İvankiv hətta bayramları da Zidanın ailəsi ilə birlikdə qeyd edirdi. Onun sözlərinə görə, belə günlərdə Bekhem də daxil olmaqla, digər dünya ulduzları Zidanın evinə qonaq gəlirdi: "Zinəddin və Veronik çox sadə insanlardı. Mənə çox yaxşı münasibət göstərirdilər. Onlar tərəfindən özümə qarşı bir dəfə də olsun, hörmətsizlik görmədim. Mənə o qədər isti yanaşırdılar ki, özümü həmin ailənin bir parçası hesab edirdim".

Günlərin bir günündə Lesya Zidandan İspaniyaya gəlmiş həmyerlisi Andrey Şevçenkonun formasını gətirməyi xahiş edir. Zizu qulluqçusunun sözünü yerə salmayaraq, istəyini yerinə yetirir: "Şevçenkonun orijinal formasını istədim, mənə gətirdi. Bir dəfə "Real" futbolçularının imzaladığı topu gətirmişdi. Zidanın avtoqrafı olan formanı hələ də özümdə saxlayıram".

Zidanın evində nə az, nə çox, 8 il keçirir Lesya. İşindən razı olsa da, həyatını daha İspaniyada davam etdirmək istəmir. Qızından uzaqda yaşamaq ona çox ağır gəlirdi. Buna görə də, 2008-ci ildə Ukraynaya qayıtmağa qərar verir.

İndinin özündə də Lesya Zidan və ailəsi ilə tez-tez əlaqə saxlayır. Hətta doğum günlərində onu təbrik etməyi unutmur...


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___