Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşağınız hələ də danışmırsa, diqqətli olun - MÜTƏXƏSSİS RƏYİ
Tarix: 27-01-2016 | Saat: 12:53
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Uşağınız hələ də danışmırsa, diqqətli olun - MÜTƏXƏSSİS RƏYİ
Xəbəraz.az xəbər verir ki,Defektoloq-loqoped Esmira Şakirqızının Aile.lent.az-a məqaləsini təqdim edirik.

Bilirik ki, insan doğulan kimi onun nitqi mövcud olmur. Uşaq inkişaf etdikcə nitq əmələ gəlir və formalaşmağa başlayır, yəni ətrafdakıları, böyükləri təqlid etməklə inkişaf edir. İlk öncə uşaq anadan olan kimi ağlayır, narahatçılığını, aclığını ağlamaqla büruzə verir. 4-5 ayında səs eşidərək, səs gələn tərəfə çevrilir, anasını tanıyır, hirsli və mehriban danışıq tərzini ayıra bilir. Ucadan gülür, müxtəlif səslər çıxarmağa başlayır. 6-9 ayında nitqi anlamağa çalışır. Böyüklərin öyrətdiyi hərəkətləri etməyə çalışır, səslərə diqqətlə qulaq asır. Məsələn: gözlərini, burnunu göstərmək, əl çalmaq və s. 10-11 ayında “ver”, “götür”, “olmaz” və s. kimi sözləri başa düşür və əməl edirlər. Böyüklərin ardınca hecaları təkrarlayır, pişiyin, itin, inəyin səsini təqlid edirlər. Bu, onu göstərir ki, onlarda nitq inkişafı var. Uşaq müəyyən vaxtdan sonra danışacaq. 1-2 yaşında 35-40 söz bilib, nitqi anlayıb, təqlid etməyi bacarırsa, 2-3 yaşında artıq sözlərin miqdarı artıb 250-300-ə çatır. Uşaqlar 2-3 sözdən ibarət cümlələr qurur, sözləri daha aydın tələffüz edirlər. 3-4 yaşında söz ehtiyatı artaraq 800-900-ə çatır, şeir demək bacarığına yiyələnir, çox qulaq asmağa və çox danışmağa başlayır. Hamının onu dinləməsinə çalışır. Çoxhecalı sözlərin deyilişində səhvlərə yol verir. 4-5 yaşında şəkilli kitablara baxmağı xoşlayır, heyvanların bəzilərinin adını tapıb səsini təqlid edir. Artıq daha geniş cümlələrdən istifadə edir. Nitqi daha aydın olur. Lüğətində 2300-2500 söz olur. Tam formalaşma müddəti isə 5-6 yaşına qədər çəkir. Artıq bu müddətdə o, 3000-3500 sözdən istifadə edərək, mürəkkəb cümlələr qurur, özündən hadisələr uydurur, anasının danışdığı nağıllara dair suallar verə bilir. Hətta böyüklər kimi danışa və demək olar ki, başa düşə bilir. Onun nitqində ardıcıllıq qorunub saxlanılır.

Lakin bu, həmişə belə olmur. Göstərilən mərhələlərdə uşaqda normal inkişaf görülmürsə, bu, artıq valideyn üçün bir siqnaldır və valideyn narahat olmalıdır. Bəzi uşaqların nitq inkişafı bu mərhələlərdən birini və ya bir neçəsini keçməyə bilər. Bu da gələcəkdə uşağın normal nitqə yiyələnməsinin qarşısını ala bilər. Əgər valideyn uşağın nitqində hər hansı bir problem hiss etsə, gecikmədən mütəxəssisə müraciət etməlidir. Mütəxəssis tərəfindən müayinə edilərkən nəinki onun nitqi, həmçinin eşitmə dərəcəsi, psixoloji durumu, əqli və fiziki inkişafı da müayinə edilməlidir. Bəzən belə hesab edirlər ki, nitq yoxdursa və yaxud gecikirsə, bu, oliqafreniyanın, yəni kəmağıllılığın formasıdır, əlamətidir. Lakin bu heç də belə deyil. Nitqin gecikməsinə həm daxili, həm də xarici amillər səbəb ola bilər. Daxili amillərə - ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, anemiyalar, dölün hipoksiyası (oksigen çatışmazlığı), doğuş zamanı baş verən travmalar, zədələr və s. ola bilər. Nitqlə bağlı yaranan mərkəzlər bəzən ana bətnində inkişaf etməyə bilər.

Xarici amillərə isə uşağın stressli bir şəraitdə yaşaması, valideynləri tərəfindən qayğı görməməsi, onlarla ünsiyyətdə olmaması aid edilir. Bilməliyik ki, uşaq danışmağa başlayanda ona kömək etmək vacibdir. Uşağın nitqinin formalaşması zamanı valideynlər tərəfindən düzgün, vaxtında müdaxilə olmazsa, bu, uşağın inkişaf geriliyinə gətirib çıxara bilər.

Nitqin ləngiməsinə səbəb olan amillərdən digəri oliqofreniya, yəni əqli gerilikdir. Ağır dərəcəsində demək olar ki, nitqin inkişafı olmur, uşaq heç kimlə ünsiyyətə girmir. Yalnız valideynin qayğısına ehtiyac duyur. Orta dərəcəli əqli gerilikdə isə ola bilsin ki, 4-5 yaşında 10-15 söz bilsin.
Normal uşaqlar arasında da nitqin ləngiməsinə rast gəlinir. Bu, bir neçə səbəbdən ola bilər. Ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf etməməsi, 0-1 yaşında keçirilən ağır xəstəliklər, infeksion xəstəliklər, aldığı travmalar, qurdağızlıq, dovşandodaqlıq nitqin düzgün inkişafına əngəl törədir. Ağız boşluğunda olan qüsurlar nitqin gecikməsinə səbəb ola bilər. Eşitmə pozuntusu da nitqin olmamasına gətirib çıxarır. Ona görə də nitq geriliyi varsa, mütləq audioqrafiya metodu ilə eşitmə yoxlanmalıdır. Bundan başqa, psixoloji travma nəticəsində də uşaqda nitq geriliyi yaranır. Autizmi olan usağın nitqi ola bilsin ki, heç olmasın.

Nitqin ləngiməsinə səbəb olan faktorlardan irsi xəstəlikləri, uşaq serebral iflici də misal göstərmək olar. Ağır nitq qüsurları - alaliya (ana bətnində və ya uşağın ilkin inkişaf mərhələsində beyin qabığının nitq zonasının zədələnməsi nəticəsində nitqin olmaması), afaziya (baş beynin lokal zədələnməsi nəticəsində artıq formalaşmış nitqin itirilməsi), anartriya (nitq aparatının tam fəaliyyətsizliyi nəticəsində nitqin olmaması), mutizm (psixoloji durum, psixoloji travma nəticəsində nitqdən imtina) nitqin ləngiməsinə gətirib çıxarır.

Nitqin səbəblərini araşdırarkən ilk növbədə valideynlərlə söhbət aparılır. Ananın hamiləliyi necə keçirməsi, uşağın keçirdiyi xəstəlikləri, aldığı zədələr öyrənilir, yaşadığı ailədə, ətrafdakı mühit barədə məlumat alınır, bununla bağlı sual-cavab aparılır, eşitmə yoxlanılır. Uşağın artikulyasiya orqanlarının vəziyyətinə baxılır, nitqi müayinə olunur. Bu problemin aradan qaldırılması üçün diaqnozun düzgün qoyulması və sonradan loqopedə, surdopedaqoqa müraciət etmək vacib şərtlərdən biridir.


Xəbəri paylaş

7838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___