Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə iştirak edib - FOTO
Tarix: 22-09-2018 | Saat: 22:20
Bölmə:M / Siyasət / Gündəm / Foto-fakt | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 22-də Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

 Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, bu il Beynəlxalq Sülh Günü "Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi" devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. Nazir vurğulayıb ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində "Sülh aylığı" keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur.

Sahil Babayev dövlətimizin başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğuladı. Nazir, həmçinin ölkəmizdə sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminin bərqərar olduğunu qeyd etdi. O bildirdi ki, insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir.

Nazir dedi ki, yeni qəbul edilmiş "Əlilliyi olan şəxslər haqqında" Qanun fiziki məhdudiyyətli vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni əks etdirməkdədir. Ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fərdi reabilitasiya proqramının icrası istiqamətində işlər aparılır.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğuladı. O, insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü vurğulayaraq, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırdı. Elmira Süleymanova Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını deyərək, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyini bildirdi.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğuladı. Bildirdi ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçməsinə baxmayaraq, bu gün də bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə aparılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxdı.

Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrinə, tematik əyləncə güşələrinə də baxış oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada sərgilənən əl işlərinin müəllifləri ilə söhbət etdi, əsərlərin yaradılması prosesi ilə maraqlandı, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı.

Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşdü. Ölkəmizdə BOCCIA idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.

Beynəlxalq Sülh Günü kimi tədbirlər Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət edir.

Leyla Əliyeva uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxdı.

Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün daha bir rəmzi jestini həyata keçirdilər. Onlar rəngli boyalarla əl izlərini tabloya qoydular.

Dənizkənarı Milli Parkda əlilliyi olan şəxslərdən və uşaq yaradıcılıq mərkəzlərindən olan rəqs qrupları musiqili proqramla çıxış etdilər. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, rəqs edənlər arasında eşitmə qabiliyyəti olmayan uşaqlar da var idi. Amma buna baxmayaraq bulvara gələn hər kəs bu çıxışları böyük maraqla izlədi.

Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. 2001-ci ildə Baş Assambleya hər il Beynəlxalq Sülh Gününü qeyri-zorakılıq və atəşkəs günü olaraq qeyd etməyi qərara alıb. Bu əlamətdar gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən "Sülh zəngi"nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın mütləq dünya sülhü!" sözləri yazılıb.



Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___